ABŞ senatoru Rend Pol bildirib ki, ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaq ehtimalı ilə bağlı fikirləri “tamamilə doğrudur”. O bu barədə X sosial şəbəkəsində yazıb.
“Prezident Tramp NATO-dan çıxma ehtimalını ciddi şəkildə nəzərdən keçirməkdə tamamilə haqlıdır”
Pol qeyd edib ki, ABŞ prezidentinin konstitusiyaya əsasən istənilən beynəlxalq müqavilədən, o cümlədən NATO müqaviləsindən Senatın təsdiqi olmadan çıxmaq hüququ var.
Onun sözlərinə görə, ABŞ-da bu ittifaqın ölkə maraqlarına nə dərəcədə uyğun olub-olmaması ilə bağlı ciddi müzakirə aparılmalıdır.
“Bu, ABŞ üçün faydalıdırmı, yoxsa birtərəfli yükə çevrilib – bunu müzakirə etməliyik”
Senator əlavə edib ki, NATO “sonsuz genişlənmə səbəbindən həddindən artıq böyüyüb” və ittifaq ABŞ-a xidmət etməlidir, əksinə yox.
Daha əvvəl The Telegraph nəşrinə müsahibəsində Donald Tramp NATO-dan çıxmaq ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.
31 martda ABŞ müdafiə naziri Pit Heqset qeyd edib ki, NATO-nun gələcəyi ilə bağlı qərar İranla münaqişədən sonra veriləcək.
Həmçinin Reuters agentliyi Trampın NATO-ya qarşı narazılıq hiss etdiyini yazıb. Politico isə alyansın zəiflədiyini qeyd edib.

