İran ABŞ-ni razılaşma üzrə öhdəliklərini yerinə yetirməməkdə günahlandıraraq qarşılıqlı anlaşma memorandumundan irəli gələn öhdəliklərini dayandırdığını açıqlayıb.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Vaşinqton razılaşmanın bütün müddəalarını pozduğu üçün sənəd faktiki olaraq qüvvədən düşüb.
“ABŞ memorandumdakı bütün öhdəliklərini pozub və bütün müddəaları dayandırıb. Buna cavab olaraq ölkəmiz də öhdəliklərini dayandırıb. Memorandum artıq tətbiq edilmir”, — deyə Qəribabadi bildirib.
İran rəsmisi həmçinin iddia edib ki, danışıqlar davam etdiyi vaxt ABŞ İrana qarşı hücumlara başlayıb. Onun sözlərinə görə, Vaşinqton təzyiq və hücum siyasətinin nəticə verməyəcəyini bir daha anlayıb.
ABŞ Prezidenti Donald Tramp isə İranın razılaşmaya daha əməl etməyəcəyi barədə qərarına qısa cavab verib.
Tramp NewsNation telekanalına müsahibəsində bu barədə suala:
“Heç vecimə deyil”, — deyə cavab verib.
ABŞ Prezidenti eyni müsahibədə İordaniyada həlak olan iki amerikalı hərbçiyə görə təəssüfləndiyini bildirib və Vaşinqtonun əsas məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu təkrarlayıb.
İyun ayında imzalanan memorandum atəşkəsin qorunması və genişmiqyaslı razılaşmanın əldə olunması üçün 60 günlük danışıqlar müddətini nəzərdə tuturdu.
Tərəflərin son açıqlamaları isə razılaşmanın gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırıb.

