Sentyabrın 28-də İstanbul hava limanında üzərinə həbs qoyulan İranın “Caspian Airlines” aviaşirkətinə məxsus təyyarə Tehrana qaytarılacaq.
Bu barədə “Caspian Airlines” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
“Türkiyədə saxlanılan ‘Caspian’ təyyarəsi bu gün ölkəyə qayıdacaq”, — şirkətin açıqlamasında bildirilib.
Aviaşirkətin nümayəndələrinin sözlərinə görə, şirkət təyyarənin saxlanılmasının səbəblərini dərhal araşdırmağa başlayıb və aidiyyəti qurumlarla birlikdə onun geri qaytarılması üçün zəruri hüquqi tədbirlər görüb.
Bundan əvvəl İstanbul Beynəlxalq Hava Limanında “Caspian Airlines” şirkətinə məxsus təyyarəyə məhkəmə qərarı ilə, İrana uçuşdan dərhal əvvəl həbs qoyulmuşdu.
Sərnişinlərin təyyarəyə minməsi başa çatdıqdan sonra məhkəmə icraçıları və iddiaçı Türkiyə şirkətinin vəkilləri hava gəmisinə yaxınlaşaraq uçuşun qadağan edilməsi barədə qərarı təqdim ediblər. Bundan sonra sərnişinlər və ekipaj üzvləri təyyarədən endirilərək terminala qaytarılıb.
Məlumata görə, buna səbəb aviaşirkətin Türkiyə tərəfinə borc öhdəlikləri olub. Şirkət “Caspian Airlines”dən 3 milyon avro tələb edir və təyyarəyə həbs qoyulması kreditorun iddiası üzrə təminat tədbiri kimi tətbiq olunub.

