Turkish Airlines aviaşirkətinə məxsus təyyarə sağ qanadı ilə yerüstü radiolokasiya avadanlığının anten dirəyinə toxunub. Nəticədə 1 nəfər xəsarət alıb, hava gəmisinə isə ciddi ziyan dəyib.
Bu barədə NTV məlumat yayıb.
Boeing 777 tipli təyyarə İstanbul–Antalya reysini yerinə yetirirmiş. Təyyarə dayanacaq yerinə yaxınlaşarkən sağ qanadı ilə radiolokasiya avadanlığının dirəyinə çırpılıb.
Zərbə nəticəsində təyyarənin gövdəsində dəlik yaranıb, avadanlığın konstruksiyası isə zədələnərək aşıb.
Təyyarənin göyərtəsində 267 sərnişin olub. Onların hamısı təxliyə edilib. Hadisə zamanı 1 nəfərin yüngül xəsarət aldığı bildirilir.
Sərnişinlər oksigen maskalarının işə düşdüyü anda ciddi stress yaşadıqlarını deyiblər. Hadisə şahidləri, həmçinin təxminən 2 saat ərzində baqajlarını ala bilmədiklərini bildiriblər.
Aviaşirkət insidentlə bağlı araşdırmaya başlayıb.

