"Turkish Airlines" aviaşirkətinə məxsus, Katmandu–İstanbul reysini həyata keçirən təyyarə 236 sərnişin və 11 ekipaj üzvü ilə birlikdə Hindistanın şərqində, Qərbi Benqaliyada yerləşən Netaji Subhas Chandra Bose Beynəlxalq Aeroportuna təcili eniş edib. Buna səbəb sağ mühərrikdə yanğınla bağlı siqnalın daxil olması olub. Bu barədə hava limanının nümayəndələri məlumat veriblər.
Məlumata görə, pilot Kolkata hava limanının dispetçer xidməti ilə əlaqə saxlayaraq təcili enişə ehtiyac olduğunu bildirib. Zəruri təhlükəsizlik tədbirləri görülüb, yanğınsöndürmə briqadaları çağırılıb. Təyyarə bir saatdan artıq müddətdə yalnız bir mühərriklə uçmasına baxmayaraq, təhlükəsiz şəkildə yerə enib. Bu barədə Hindustan Times yazır.
Qeyd olunur ki, sağ mühərrikdə yanğın siqnalı uçuşdan qısa müddət sonra işə düşüb və pilot dərhal həmin mühərriki söndürüb.
Katmanduya qayıtmaq əvəzinə, təyyarə saat 14:50-də Kolkataya enib. Sərnişinlər və ekipaj üzvləri təyyarəni tərk etdikdən sonra hava gəmisi texniki baxış üçün təhlükəsiz zonaya aparılıb.

