ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı tələb edib və əks halda Kiyevlə mühüm kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırıla biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə “Financial Times” danışıqlarla tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, oktyabrın 9-da Ukrayna nümayəndə heyəti Mayamidə ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə təxminən səkkiz saatlıq danışıqlar aparıb.
Görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün mümkün variantların müzakirəsi nəzərdə tutulsa da, “Financial Times”ın üç mənbəsinin məlumatına görə, danışıqlar konkret nəticə əldə edilmədən başa çatıb.
ABŞ nümayəndələrinin Ukrayna tərəfinə bildirdiyi iddia olunur ki, Kiyev Rusiyanın neft emalı müəssisələrinə hücumları davam etdirərsə, Vaşinqton kəşfiyyat məlumatlarının paylaşılmasını məhdudlaşdıra və ya dayandıra bilər.
Yaranan fikir ayrılıqlarından sonra Ukrayna nümayəndə heyətinin səfəri qısaltdığı və şənbə günü keçirilməsi planlaşdırılan danışıqların ikinci raundundan imtina etdiyi bildirilir.
Bununla belə, yüksək vəzifəli Ukrayna rəsmisi nəşrə bildirib ki, Kiyev Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirmək niyyətindədir.
“Financial Times” Vaşinqton və Kiyev arasında yaranan gərginliyi ABŞ-nin dünya bazarında dizel yanacağının qiymətini aşağı salmaq məqsədilə Rusiya dizelinin ixracına tətbiq edilən bəzi sanksiya məhdudiyyətlərini müvəqqəti yumşaltması ilə də əlaqələndirir.

