Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Trampın enerji atəşkəsi ilə bağlı açıqlamasından sonra Ukrayna iki gün ərzində Rusiyanın neft emalı zavodlarına və enerji sektoruna zərbələr endirməyib.
Zelenskinin sözlərinə görə, buna baxmayaraq, Rusiya hücumlarını davam etdirib və son iki gündə Ukraynanın 19 bölgəsi zərbələrə məruz qalıb.
Ukrayna lideri bildirib ki, ötən gecədən etibarən Rusiya pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edib. Xarkovda yaşayış binasının bir hissəsi dağılıb, 4 nəfər həlak olub, onlarla insan yaralanıb.
Kiyevə isə 5 ballistik raketlə hücum edildiyini deyən Zelenski tərəfdaşlardan hücumla bağlı əvvəlcədən xəbərdarlıq almadıqlarını vurğulayıb. Onun sözlərinə görə, ballistik raket buraxılışları barədə vaxtında kəşfiyyat məlumatı insanların həyatını xilas etmək üçün kritik əhəmiyyət daşıyır.
Zelenski qeyd edib ki, Ukrayna qarşılıqlı şəkildə gərginliyin azaldılmasına hazırdır, lakin bunun üçün Rusiyaya təsirli beynəlxalq təzyiq göstərilməlidir.
“Müharibələr hücum edən tərəf müharibəni uzada bilməyəcəyini anlayanda başa çatır”, – deyə Zelenski bildirib.

