Qarşllıqsız heçnə etmirik...
Den.az xəbər verir ki, bu ifadəni Ukrayna Prezidenti Volodimir Zelenski işlədib.
Zelenski, Rusiyanın tam və qeyd-şərtsiz atəşkəs rejiminə riayət etməyə hazır olduğu təqdirdə, Ukraynanın da bu istiqamətdə hərəkət edəcəyini bəyan edib.
Zelenski vurğulayıb ki, əgər Rusiya doğrudan da tam və qeyd-şərtsiz sakitliyə qoşulmağa hazırdırsa, Ukrayna da eyni şəkildə cavab verəcəkdir. "Sakitliyə sakitlik, zərbəyə isə müdafiə məqsədli zərbə", – deyə o bildirib.
Ukrayna lideri əgər bu tam sükut gerçəkləşərsə, onun yalnız Pasxa günlərində deyil, 20 aprel tarixindən sonra da davam etdirilməsini təklif edib. "Bu, Rusiyanın həqiqi niyyətlərini ortaya qoyacaq. 30 saat mediaya başlıq vermək üçündür, lakin qarşılıqlı etimad yaratmaq üçün kifayət deyil. 30 günlük atəşkəs isə bəlkə də sülhə bir şans yarada bilər", – deyə Zelenski əlavə edib.
Lakin prezident həmçinin qeyd edib ki, cəbhənin bəzi istiqamətlərində Rusiya qüvvələri hərbi əməliyyatlarını davam etdirirlər. Bu, tərəflər arasında atəşkəsin təmin edilməsi üçün hələ də maneələrin mövcud olduğunu göstərir.