ABŞ-da listerioz infeksiyasının geniş yayılması nəticəsində 25 nəfər xəstəxanaya yerləşdirilib, daha 6 nəfər həyatını itirib.
Bu barədə NBC telekanalı ABŞ Qida və Dərman Keyfiyyətinə Nəzarət İdarəsi (FDA)-yə istinadən məlumat yayıb.
Qurumun bildirdiyinə görə, xəstəlik halları iyun ayından bəri qeydə alınır. Bununla əlaqədar makaron tərkibli yarımfabrikat məhsullar satışdan geri çağırılıb. Yay mövsümündən bu yana 50 ştatdan 18-də listerioz hadisələri aşkarlanıb.
“Listerioz xüsusilə yaşlılar, immun sistemi zəif olanlar, hamilə qadınlar və yeni doğulmuş körpələr üçün təhlükəlidir,” — deyə idarə xəbərdarlıq edib.
Qurum əlavə edib ki, bu infeksiya hərarət, əzələ ağrısı, baş ağrısı, boyun tutulması, şüur bulanıqlığı, tarazlıq itkisi və qıcolmalarla müşahidə oluna bilər. Bəzən bu simptomlardan əvvəl ishal və digər mədə-bağırsaq əlamətləri yaranır. Məlum hallardan biri döl itkisinə səbəb olub.

        
        
                
                
                
                