Naxçıvanda kütləvi zəhərlənmə qeydə alınıb.
“Den.az” “Nuhçıxan”a istinadən xəbər verir ki, bu barədə Mərkəzin həkimi Nəzmin Allahverdiyeva jurnalistlərə məlumat verib.
Həkim bildirib ki, Naxçıvan MR-in Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsilə yeddi nəfər yerləşdirilib.
Onun sözlərinə görə, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar: “Onların vəziyyəti orta-ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib. Müalicədən sonra pasiyentlər evə buraxılıb”.
Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma tipli “fastfood” qidaların istehlakı olub.
Məsələ ilə bağlı Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də açıqlama verilib.
Agentliyin əməkdaşı Mirfərid Seyidov bildirib ki, qida zəhərlənməsi halları Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən “Kassap dönər” adlı iaşə obyektində qeydə alınıb.
“Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Hazırda analizlər davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, - o qeyd edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.