Böyük Britaniyada 37 yaşlı iki uşaq anası nasaz kardiostimulyatorun bədəndə qalan hissələri ilə bağlı keçirdiyi təcili əməliyyatdan sonra həyatını itirib. Bu barədə Britaniyanın “The Mirror” nəşri məlumat yayıb.
Qadına ürək ritmində yaranan problemlərlə əlaqədar 2016-cı ildə kardiostimulyator quraşdırılıb.
2019-cu ildə həkimlər cihazın naqillərində nasazlıq olduğunu müəyyən edərək onların ixtisaslaşmış mərkəzdə dəyişdirilməsini tövsiyə ediblər. Lakin boşalmış batareyanın dəyişdirilməsi zamanı nasaz naqillər mütəxəssislərlə məsləhətləşmədən qadının bədənində saxlanılıb.
2024-cü ilin dekabrında aparılan müayinə cihazın fəaliyyətində vaxtaşırı nasazlıqlar olduğunu göstərib. Lakin həkim bu məlumatlarla yalnız üç ay sonra tanış olub.
2025-ci ilin aprelində mütəxəssislər qadının naqillərin çıxarılması və dəyişdirilməsi üçün ixtisaslaşmış mərkəzə göndərilməsini tövsiyə ediblər. Ancaq bunun üçün lazımi göndəriş rəsmiləşdirilməyib.
Qadın huşunu itirdikdən sonra təcili olaraq xəstəxanaya çatdırılıb. Müalicə həkimi bildirib ki, naqillərin çıxarılması əməliyyatı beş il əvvəl həyata keçirilməli idi.
Çətin əməliyyat zamanı naqillərdən birinin ucu qoparaq yuxarı boş venanı zədələyib. Nəticədə qadın çoxlu qan itirib, ürəyi dayanıb və həkimlər onun həyatını xilas edə bilməyiblər.

