Böyük Britaniyada həkimlər doqquzuncu mərtəbədən yıxılan hamilə qadının bətnindəki körpəni xilas ediblər.
BBC-nin məlumatına görə, beş uşaq anası olan qadın yıxılma nəticəsində aldığı ağır xəsarətlərdən həyatını itirib.
Həkimlər həm qadının, həm də doğulmamış körpənin həyatını xilas etmək üçün ürək-ağciyər reanimasiyasını davam etdiriblər. Xəstənin xəstəxanaya gətirilməsindən bir dəqiqədən az müddət sonra təcili qeysəriyyə əməliyyatı həyata keçirilib.
Qadını xilas etmək mümkün olmasa da, onun qızı sağ qalıb və sonrakı dövrdə vəziyyətinin yaxşılaşdığı bildirilib.
Araşdırma zamanı qadının daha əvvəl depressiv epizodlar yaşadığı və psixoloji vəziyyəti ilə bağlı narahatlıqlar səbəbindən tibbi yardım üçün müraciət etdiyi məlum olub.
Bununla yanaşı, yaxınları onun qızının doğulmasını səbirsizliklə gözlədiyini və gələcəklə bağlı planlar qurduğunu bildiriblər.

