Çinin China Eastern Airlines aviaşirkəti Hefeydən Dalyana uçan reysdə baş verən və geniş rezonans doğuran hadisədən sonra polisə müraciət edib. Bu barədə South China Morning Post məlumat yayıb.
Uçuş zamanı stüardessa xidmət arabası ilə təsadüfən sərnişinin dirsəyinə toxunub. Bundan sonra stüardessa təyyarənin keçidində diz çökərək sərnişindən üzr istəmək məcburiyyətində qalıb.
Hadisənin görüntüləri internetdə yayılıb və qısa müddətdə istifadəçilərin böyük marağına səbəb olub.

China Eastern Airlines stüardessanı müdafiə edib. Aviaşirkət sərnişinin hərəkətlərinin mülki təyyarənin göyərtəsində asayişi poza və əməkdaşın şəxsi ləyaqətinə ciddi xələl gətirə biləcəyini bildirib.
Hadisə ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib, sərnişin isə aviaşirkətin “qara siyahı”sına salınıb.

