Gədəbək rayonunda bir nəfərin ölümü, daha birinin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə oktyabrın 13-də saat 22:00 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Gədəbək rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Ələkbərov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Sayyara Ələkbərova hadisə yerində həyatını itirib. Onların 2014-cü il təvəllüdlü oğlu Əli isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sürücü hadisə zamanı sərxoş vəziyyətdə olub.
Bildirilib ki, Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra avtomobilin sükanı arxasına keçib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Dövlət Yol Polisi sərxoş vəziyyətdə avtomobil idarə etməyin ağır nəticələrini bir daha xatırladaraq sürücüləri bu ailə faciəsindən nəticə çıxarmağa çağırıb.

