Bakının Sabunçu rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə oktyabrın 14-də saat 01:35 radələrində Bilgəh qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volkswagen” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, qəzaya yüksək sürət və sürücünün sərxoş vəziyyətdə olması səbəb olub.
Hadisə nəticəsində avtomobildə olan sərnişinlər – paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi son günlər sərxoş sürücülərin təqsiri üzündən ağır yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını ifadə edib.
Qurum sürücüləri sərxoş vəziyyətdə sükan arxasına keçməkdən çəkinməyə və insan ölümlərinə səbəb ola biləcək kobud qayda pozuntularına yol verməməyə çağırıb.

