“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 34-cü turunda öz meydanında “Damak”ı inamlı hesabla məğlub edib.
Görüş 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
“Əl-Nəsr”in heyətində Kriştianu Ronaldu dubl edib. Portuqaliyalı ulduz 63-cü və 81-ci dəqiqələrdə fərqlənib. Komandanın digər qollarını Sadio Mane 34-cü dəqiqədə, Kinqsli Koman isə 52-ci dəqiqədə vurub.
Qonaqların yeganə qoluna Morlay Silla 58-ci dəqiqədə penaltidən imza atıb.
Son turun nəticələrindən sonra “Əl-Nəsr” xallarını 86-ya çatdıraraq mövsümü çempion kimi başa vurub. İkinci yeri 84 xalla “Əl-Hilal” tutub. “Əl-Hilal” son görüşündə səfərdə “Əl-Feyha”nı 1:0 hesabı ilə məğlub etsə də, bu, çempionluq üçün kifayət etməyib.
Beşqat “Qızıl top” sahibi və futbol tarixinin ən məhsuldar oyunçusu olan Kriştianu Ronaldu karyerasında ilk dəfə Səudiyyə Ərəbistanı çempionu olub.
Bu, “Əl-Nəsr”də dördüncü mövsümünü keçirən portuqaliyalı futbolçu üçün növbəti böyük titul olub. Ronaldu daha əvvəl “Mançester Yunayted”lə İngiltərədə, “Real”la İspaniyada, “Yuventus”la İtaliyada çempionluq yaşamışdı.
Hazırda Kriştianu Ronaldunun karyerasındakı kubokların sayı 35-ə çatıb. O, daha əvvəl Səudiyyə Ərəbistanında 2023-cü ildə Ərəb Çempionlar Kubokunu qazanmışdı.

