ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatında onun üçün ən yaddaqalan hadisənin ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının müvəqqəti dayandırılması olduğunu bildirib.
Bu barədə Clash Report məlumat yayıb.
Tramp turnirin unikal, baxımlı və yaddaqalan hadisələrlə zəngin keçdiyini deyib. O, zarafatla qırmızı vərəqə alan futbolçunun meydana buraxılması üçün FIFA prezidenti Canni İnfantinoya zəng etdiyini söyləyib.
“Mən Canniyə zəng edib məsləhət verməli oldum. Dedim: Canni, bu futbolçunun oyuna buraxılmasını məsləhət görürəm. Xeyr, əslində belə demədim. Sadəcə şikayət etmək istədiyimi bildirdim”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti FIFA İntizam Komitəsinin Baloqunun diskvalifikasiyasını dayandırmaq barədə qərarının mübahisə doğurmadığını da vurğulayıb.
Folarin Baloqun Bosniya və Herseqovina ilə matçda meydandan qovulmuşdu. FIFA qaydalarına əsasən, o, dünya çempionatının 1/8 final mərhələsində Belçikaya qarşı oyunu buraxmalı idi. Lakin FIFA hücumçunun cəzasını müvəqqəti dayandırıb.
Bundan sonra mediada Trampın şəxsən Canni İnfantinoya zəng edərək futbolçunun diskvalifikasiyasının ləğvini tələb etdiyi barədə məlumatlar yayılıb.
Baloqun Belçikaya qarşı oyunda iştirak etsə də, komandasına kömək edə bilməyib. ABŞ millisi 1:4 hesabı ilə məğlub olub. Belçika isə 1/4 finalda İspaniyaya 1:2 hesabı ilə uduzub.

