Azərbaycan şahmatçıları Gülnar Məmmədova və Aydın Süleymanlı klublararası Avropa Kubokunda qızıl və bürünc medal qazanıblar.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, yarış Monteneqronun Budva şəhərində keçirilib.
“Odlar Yurdu” klubunun heyətində çıxış edən Gülnar Məmmədova dördüncü lövhədə qızıl medala sahib olub.
“Vüqar Həşimov” klubunu təmsil edən Aydın Süleymanlı isə birinci lövhədə fərdi nəticələrə əsasən üçüncü yeri tutaraq bürünc medal qazanıb.
Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Baegan Pendik” klubu turnirin qalibi olub.
Kişilərin yarışında “Vüqar Həşimov” komandası 10 xal toplayaraq 10-cu yeri tutub.
Qadınların mübarizəsində isə “Odlar Yurdu” və Serbiyanın “Sirmium Sremska-Mitrovitsa” klubları hərəyə 10 xal toplayaraq üçüncü-dördüncü yerləri bölüşüblər.

