Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ABŞ-la 25 il müddətinə nəzərdə tutulan irimiqyaslı enerji sazişi barədə məlumat verib. Layihənin Venesuela iqtisadiyyatına yüz milyardlarla dollar gəlir gətirəcəyi gözlənilir.
Rodrigesin sözlərinə görə, ikitərəfli layihə 17 strateji neft yatağının işlənməsini və gündəlik hasilatın 1,5 milyon bareldən yuxarı çatdırılmasını nəzərdə tutur. Bu rəqəmin ilkin hədəf olduğu, daha geniş plan çərçivəsində əlavə səkkiz yeni neft blokunun da işlənməsinin planlaşdırıldığı bildirilir.
Venesuela rəhbərliyi hesab edir ki, neftin bir barelinin qiyməti 65 dollar götürüldükdə, saziş dövlətə təxminən 209 milyard dollar gəlir gətirə bilər. Rodriges qiymətlərin dəyişə biləcəyini də vurğulayıb. Razılaşma çərçivəsində hasil edilərək satılan hər bareldən təxminən 19 dolların birbaşa Venesuelaya çatacağı bildirilir.
Rodriges sazişi “tarixi” adlandıraraq onun ölkənin zəifləyən neft sənayesinin bərpasına, dövlət gəlirlərinin artırılmasına və iqtisadiyyatın canlandırılmasına xidmət edəcəyini bildirib. O, eyni zamanda Venesuelanın təbii sərvətləri üzərində mülkiyyət və suverenliyini qoruyacağını vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp isə razılaşmanı “dünya tarixinin ən böyük neft sazişi” kimi təqdim edib. Tramp ABŞ şirkətlərinin Venesuelanın enerji sənayesinin bərpasında iştirakının hasilatın artırılmasına və ABŞ-da yanacağın qiymətinin aşağı salınmasına kömək edə biləcəyini bildirib.
Venesuela dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik olsa da, hazırda ölkədə gündəlik hasilat təxminən 1,25 milyon barel səviyyəsindədir.

