Avropada qazın avqust ayı üzrə orta aylıq qiyməti 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çataraq min kubmetr üçün 744 dollar təşkil edib.
TASS-ın London ICE birjasının fyuçers məlumatlarına istinadən yaydığı xəbərə görə, qiymət artımı qış ərəfəsində Avropanın qaz anbarlarında ehtiyatların aşağı səviyyədə olması və Yaxın Şərqdə davam edən vəziyyətlə əlaqələndirilir.
Ötən ilin avqust ayı ilə müqayisədə Avropada qaz kotirovkaları təxminən iki dəfə artıb. Eyni zamanda, avqust ayındakı orta qiymət iyul ayının orta göstəricisindən 17 faiz yüksək olub.
Qaz fyuçersləri ay ərzində də nəzərəçarpacaq artım nümayiş etdirib. İyulun 31-də min kubmetr qazın qiyməti təxminən 709 dollar idisə, avqustun 31-də ticarət təxminən 840 dollar səviyyəsində başa çatıb.
Beləliklə, qazın qiyməti iyulun sonu ilə müqayisədə 18,5 faiz artıb.

