ABŞ-ın Oreqon ştatında polis beş nəfərin öldürülməsi ilə bağlı araşdırma aparır. Cinayətdə şübhəli bilinən 36 yaşlı Benjamin Çarlz Parker isə bir gün sonra qonşu Vaşinqton ştatında ölü tapılıb.
Reuters xəbər verir ki, avqustun 22-də səhər saatlarında yanan avtomobillə bağlı məlumat alan fövqəladə xidmətlər Forest-Grove şəhəri yaxınlığındakı xüsusi əraziyə yollanıblar.
Əraziyə baxış zamanı beş nəfərin meyiti, həmçinin öldürülmüş ev heyvanları aşkar edilib. Heyvanların dəqiq sayı açıqlanmayıb.
Ölən şəxslərin kimliyi, yaşı və cinsiyyəti hələlik ictimaiyyətə açıqlanmır. Onların bir-biri ilə qohum olub-olmadığı və ölüm səbəbləri barədə də məlumat verilməyib.
Yerli şerif hadisə yerindəki mənzərənin son dərəcə ağır olduğunu bildirərək 22 illik xidməti ərzində belə cinayət yeri ilə qarşılaşmadığını deyib.
Polis qətllərdə şübhəli kimi 36 yaşlı Benjamin Çarlz Parkerin adını açıqlayıb. O, avqustun 23-də Vaşinqton ştatının Enumclaw şəhərində avtomobilin içərisində ölü tapılıb.
İstintaq qətllərin təsadüfi olmadığını düşünür. Cinayətin motivi və şübhəlinin qurbanlarla əlaqəsi isə hələlik məlum deyil.

