ABŞ-nin Şimali Karolina ştatında səhər saatlarında baş verən silahlı hücum nəticəsində eyni ailədən 3 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Hadisə Kasvell dairəsinin Prospekt-Hill yaşayış məntəqəsində qeydə alınıb.
Məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları 4 yetkin şəxsi güllə yaraları ilə aşkar ediblər. Yaralılardan biri xəstəxanaya yerləşdirilib, digər 3 nəfərin isə hadisə yerində öldüyü müəyyənləşib.
Kasvell dairəsi Şerif Ofisi bildirib ki, ölənlərdən biri hücumu törədən şəxsdir. Rəsmilər hadisənin ailə daxilində baş verdiyini və ictimaiyyət üçün davam edən təhlükənin olmadığını açıqlayıblar.
Başqa şübhəli axtarılmır. Hadisə ilə bağlı araşdırmanı Şimali Karolina Dövlət Təhqiqat Bürosu aparır.
Hücumun səbəbi və tərəflərin kimliyi hələlik açıqlanmayıb.

