Əfqanıstanın paytaxtı Kabildə bir il ərzində azı 120 uşaq və yeniyetkinin itkin düşdüyü açıqlanıb. Onlardan 85-i qızdır.
Bu barədə Khaama Press agentliyi Əfqanıstanın Əmək və Sosial Məsələlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, statistika 21 mart 2025-ci ildən 20 mart 2026-cı ilədək olan dövrü əhatə edir.
Nazirliyin sözçüsü Sediqə Tohidi qeyd edib ki, həmin müddətdə xarici ölkələrdən Əfqanıstana 505 uşaq qaytarılıb. Daha 85 uşaq isə hazırda nazirliyin dəstək mərkəzindədir.
Mütəxəssislərin fikrincə, yoxsulluq və ailədən ayrı düşmək uşaqların zorakılığa, istismara və evsizliyə məruz qalma riskini artırır.
Xüsusilə ağır şəraitdə işləyən uşaqlar və qonşu ölkələrdən böyüklərin müşayiəti olmadan qayıdan yeniyetmələr daha böyük təhlükə ilə üzləşirlər.
Qeyd edək ki, Amsterdamda yerləşən KidsRights beynəlxalq təşkilatının 2026-cı il hesabatında Əfqanıstan uşaq hüquqlarının qorunması üzrə 194 ölkə arasında sonuncu yerdə qərarlaşıb.

