Əfqanıstanda üç vilayətə endirilən zərbələr nəticəsində 13 nəfərin həlak olduğu bildirilib. Bu barədə Əfqanıstanın ali liderinin mətbuat katibi Zəbiullah Mücahid sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, həlak olanlar arasında uşaqlar, qadın və yaşlı kişi var.
Mücahid bildirib ki, Pakistan hərbçiləri Əfqanıstanın hava məkanını pozaraq yaşayış evlərinə zərbələr endiriblər. Onun sözlərinə görə, hücumlara Kunar, Xost və Paktika vilayətləri məruz qalıb.
Açıqlamaya əsasən, zərbələr nəticəsində 11 uşaq, bir qadın və bir yaşlı kişi həlak olub. Daha 14 qadın və uşaq isə yaralanıb.
Baş verənlər “humanitar cinayət” və “təcavüz aktı” kimi qiymətləndirilib.

