Övladlığa götürmə sahəsində dövlət siyasətinin həyata keçirilməsi 2019-cu ilin noyabr ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunur. Bu müddət ərzində nazirliyin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 836 azyaşlı (422 oğlan, 414 qız) yeni ailələrə qovuşub.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, övladlığa götürülmüş uşaqların 18 yaşadək yaşayış və tərbiyə şəraitinə nəzarət məqsədilə müntəzəm monitorinqlər aparılır. İlk il ərzində yoxlamalar hər rüb, sonrakı dövrdə isə ildə bir dəfə həyata keçirilir.
Bundan əlavə, 2020-ci ilin ortalarından etibarən tətbiq edilən reinteqrasiya tədbirləri nəticəsində 854 uşaq (467 oğlan, 387 qız) dövlət müəssisələrindən bioloji ailələrinə qaytarılıb. Paralel olaraq görülən işlər sayəsində 856 uşağın sığınacaqlara yerləşdirilməsinin qarşısı alınıb və onların doğma ailələrində qalması təmin edilib.

