Allergiyası olan şəxslərə və dörd yaşadək uşaqlara xurmanın istifadəsi tövsiyə edilmir. Bu barədə “Çempionat” nəşrinə açıqlamasında qastroenteroloq Svetlana Kanevskaya bildirib.
Onun sözlərinə görə, allergiyası olanlarda xurma çarpaz allergik reaksiya yarada bilər, dörd yaşadək uşaqlarda isə bağırsaq keçməzliyinə səbəb olma riski mövcuddur.
Həkim vurğulayıb ki, mədə-bağırsaq xəstəlikləri kəskinləşən şəxslər də xüsusi ehtiyatlı olmalıdır. Xurmanın qəbulu qarında güclü ağrı, spazmlar, qidanın bağırsaqlarda irəliləməsinin pozulması və hətta sıx kütlələrin əmələ gəlməsi ilə nəticələnə bilər. Belə hallarda cərrahi müdaxilə tələb oluna bilər.
Kanevskaya xora xəstəliyi, qastrit, kəskin kolit və enterit olan şəxslərə xurmadan uzaq durmağı tövsiyə edib. Mədə və ya bağırsaq əməliyyatı keçirmiş pasiyentlərə də bu meyvəni yeməmək məsləhətdir. Həmçinin ağır və tez-tez qəbizlik, xroniki babasilin kəskinləşməsi və bağırsaqların yavaş boşalması xurmanın istifadəsi üçün ciddi əks-göstərişlər sırasındadır.

