ABŞ Avropanın öz təhlükəsizliyinə daha çox özü cavabdeh olmasını istəyir, eyni zamanda Avropa ölkələrinin məhz Amerika silahlarını almasına ümid edir.
Bunu Vaşinqtonda yerləşən Defense Priorities analitik mərkəzinin hərbi təhlil şöbəsinin direktoru və baş elmi əməkdaşı Cennifer Kavana “Lenta.ru”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton Avropanın müdafiəyə daha çox vəsait xərcləməsini və təhlükəsizlik məsələlərində daha müstəqil olmasını istəyir, lakin bununla yanaşı Avropanın ABŞ istehsalı silahlara üstünlük verməsini gözləyir.
Analitik hesab edir ki, Donald Tramp administrasiyasının yanaşmasında başqa bir ziddiyyət də var: ABŞ bir tərəfdən Avropanın müstəqilliyini artırmaq, digər tərəfdən isə onun Vaşinqtonun qlobal təşəbbüslərini dəstəkləməsini istəyir.
Kavana qeyd edib ki, ABŞ Avropa bazarının Amerika məhsullarına daha açıq olmasını və Avropa ölkələrinin Çin texnologiyaları əvəzinə ABŞ texnologiyalarına üstünlük verməsini də gözləyir.
Lakin onun fikrincə, Avropa bu tələblərin hamısını qəbul etməyə bilər.
“ABŞ Avropanın eyni anda həm tərəfdaş, həm də vassal olmasını istəyir. Mən bunun mümkün olduğunu düşünmürəm”, – ekspert bildirib.

