Türkiyənin Bodrum şəhərində musiqi dünyasını sarsıdan hadisə baş verib.
Bir vaxtlar Kurtalan Ekspres qrupunun heyətində yer alan və Barış Manço ilə eyni səhnəni paylaşan perkussiya ifaçısı Hüseyn Cebeci yaşadığı evdə ölü tapılıb.
Hadisə Bodrumun Müsgebi məhəlləsində qeydə alınıb.
Məlumata görə, yaxınları uzun müddət Hüseyn Cebecidən xəbər ala bilmədikləri üçün onun evinə gediblər.
Evə daxil olan şəxslər musiqiçini ov tüfəngi ilə vurulmuş vəziyyətdə yerdə hərəkətsiz halda aşkarlayıblar.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları Hüseyn Cebecinin həyatını itirdiyini müəyyən ediblər.
Polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görərək araşdırmalara başlayıblar.
İlkin məlumata görə, Hüseyn Cebecinin ölümünün intihar, yoxsa başqa səbəbdən baş verdiyi kriminal ekspertizadan sonra dəqiqləşəcək.

Musiqiçinin meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Muğla Məhkəmə Tibbi Ekspertiza Qurumuna göndərilib.

