Türkiyənin sənət dünyası son bir ildə yüksəkdən düşmə nəticəsində baş verən üç ölüm hadisəsi ilə sarsılıb.
2025-ci ilin sentyabrında müğənni Güllü, 2026-cı ilin martında prodüser Erol Köse, oktyabrın 8-də isə müğənni Atilla Taşın qızı Sezen Taş yüksəkdən düşərək həyatını itirib.
Arabesk musiqisinin tanınmış simalarından olan, əsl adı Gül Tut olan Güllü 26 sentyabr 2025-ci ildə Yalovanın Çınarcık rayonundakı evinin pəncərəsindən yıxılaraq ölüb.
Hadisə müğənninin altıncı mərtəbədə yerləşən mənzilində baş verib. İstintaq çərçivəsində təhlükəsizlik kameralarının görüntüləri, şahid ifadələri və məhkəmə-tibbi ekspertiza rəyləri araşdırılıb.
Daha sonra Güllünün qızı Tuğyan Ülkem Gülter barəsində anasını əvvəlcədən planlaşdıraraq qəsdən öldürmək ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs tələbi irəli sürülüb.
Hazırda həbsdə olan Gülter barəsində məhkəmə prosesi davam edir. O isə irəli sürülən ittihamları qəbul etmir.
Musiqi dünyasının tanınmış prodüserlərindən Erol Köse də 23 mart 2026-cı ildə İstanbulun Sarıyer rayonunda həyatını itirib.
61 yaşlı Köse Maslakdakı yaşayış komplekslərindən birinin 16-cı mərtəbəsindən düşüb. Hadisədən sonra İstanbul Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.
Kösenin ölümünün hansı şəraitdə baş verdiyinin müəyyənləşdirilməsi üçün hadisə yerində müayinələr aparılıb və meyit ekspertizaya göndərilib.
Son faciəli xəbər isə Atilla Taşın ailəsindən gəlib.
Müğənninin 34 yaşlı qızı Sezen Taş oktyabrın 8-də Mersinin Erdemli rayonunun Çeşmeli məhəlləsində yerləşən yaşayış kompleksinin 14-cü mərtəbəsindən düşərək həyatını itirib.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları iki uşaq anası olan Sezen Taşın öldüyünü müəyyən ediblər.
Onun meyiti ekspertiza üçün morqa aparılıb. Sezen Taşın hansı şəraitdə hündürlükdən düşdüyünün müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir.
Beləliklə, Güllü, Erol Köse və Sezen Taşın müxtəlif tarixlərdə yüksəkdən düşərək həyatlarını itirməsi sənət dünyasında baş verən ağır itkiləri yenidən gündəmə gətirib.


