“Taxt-tac oyunları” (“Game of Thrones”) serialındakı rolu ilə dünya şöhrəti qazanan aktrisa Emiliya Klark Hollivudda qadınların xarici görünüşünə qarşı tətbiq olunan ikili standartları tənqid edib.
Aktrisa bu barədə “Marie Claire” jurnalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, kino sənayesində qadınların xarici görünüşünə kişilərlə müqayisədə daha sərt tələblər qoyulur. Klark insanları əlçatmaz gözəllik standartlarına uyğunlaşmağa çalışmaqdan imtina etməyə çağırıb.

“İstəyirsiniz ki, hamımızın üzü və bədəni eyni olsun? Biz insanıq və zamanla dəyişəcəyik”, – deyə aktrisa bildirib.
Emiliya Klark müsahibəsində “Taxt-tac oyunları” serialının çəkilişləri dövründə üzləşdiyi çətinlikləri də xatırlayıb.
Aktrisa serialın birinci mövsümünün yayımlanmasından sonra ilk dəfə beyin qanaması keçirdiyini açıqlayıb.
O, ciddi sağlamlıq problemi yaşamasına baxmayaraq, dərman qəbul edərək serialın tanıtımı üçün təşkil olunan mətbuat turlarında iştirak etməyə davam etdiyini bildirib.

