Son iki ildə 7 dəfə əməliyyat olunan türkiyəli aktrisa Aslı Bekiroğlu səhhəti ilə bağlı yeni açıqlama verib.
Bir müddətdir sağlamlıq problemləri ilə gündəmə gələn aktrisa sosial media hesabında vəziyyəti barədə paylaşım edib.
Bekiroğlu daha əvvəl uşaqlığından miyom götürülməsi üçün əməliyyata girdiyini, lakin əməliyyat zamanı yanlış müdaxilə nəticəsində bağırsağının zədələndiyini bildirmişdi.
“Uşaqlığımdan miyom aldırmağa getmişdim. Əməliyyat zamanı yanlışlıqla bağırsağımı kəsdilər”, — deyə aktrisa yaşadıqlarını danışmışdı.
Onun sözlərinə görə, bu hadisədən sonra yenidən əməliyyat olunmalı olub və müalicə prosesi uzun müddət davam edib.
Ötən günlərdə 7-ci dəfə əməliyyat olunan Aslı Bekiroğlu xəstəxana otağından paylaşım edərək izləyicilərinə təşəkkür etmişdi.
“Yaxşı diləkləriniz və dualarınız üçün təşəkkür edirəm. Yaxşıyam”, — deyə aktrisa qeyd etmişdi.
Əməliyyatdan sonra açıqlama verən Bekiroğlu hazırda müalicəsinin davam etdiyini bildirib. O, qısa müddətlik xəstəxanadan çıxmasına icazə verildiyini, lakin antibiotik müalicəsinin sürdüyünü deyib.

Aktrisa son paylaşımında xəstəliyin onun fiziki və psixoloji vəziyyətinə təsir etdiyini də bildirib.
Bekiroğlu qeyd edib ki, xəstəlik səbəbindən bədənində dəyişikliklər yaşanması onu çətin vəziyyətə salıb. O, sosial mediada yalnız özünü yaxşı hiss etdiyi anları paylaşdığını vurğulayıb.
Aktrisa çətin dövrdə yanında olan yaxınlarına təşəkkür edərək onların dəstəyinin onun üçün böyük əhəmiyyət daşıdığını bildirib.

