Sumqayıtdan Bakıya hərəkət edən avtobuslar Ceyranbatan bağları istiqamətində sərnişinləri götürə bilmir. Sakinlərin sözlərinə görə, xüsusilə səhər saatlarında avtobus qıtlığı yaşanır, nəticədə işə və təhsil müəssisələrinə gedən insanlar saatlarla dayanacaqlarda gözləməli olurlar.
Bu barədə DenazTv-yə müsahibələrində Ceyranbatan bağlarında yaşayan sakinlər məlumat veriblər.
Şikayətçilər bildirirlər ki, Sumqayıtdan dolu çıxan avtobuslar bağlar massivində dayansa belə, artıq salonlarda yer qalmadığı üçün sərnişin götürməkdə çətinlik çəkirlər. Bu vəziyyət isə ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olur.
Məsələ ilə bağlı AYNA-nın Sumqayıt Regional İdarəsindən Xəzər Xəbər-ə bildirilib ki, Ceyranbatan qəsəbəsi sakinlərinin Bakı şəhərinə daşınması üçün 594 və 595 nömrəli marşrut xətləri fəaliyyət göstərir. Lakin səhər və axşam pik saatlarında Sumqayıt avtovağzalında yaranan sərnişin sıxlığı səbəbindən bu avtobuslar aralıq dayanacaqlarda, o cümlədən Ceyranbatan qəsəbəsində sərnişin götürməkdə çətinlik çəkirlər.
Qurumdan qeyd olunub ki, yaranmış narazılıqların aradan qaldırılması məqsədilə daşıyıcı şirkət “BakuBus” MMC-nin rəhbərliyinə tapşırıq verilib. Tapşırığa əsasən, xəttə əlavə avtobusların cəlb edilməsi və aralıq dayanacaqlardakı sərnişinlərin də xidmətdən yararlanması üçün avtobus salonlarında müəyyən sayda boş yerlərin saxlanılması nəzərdə tutulur.
Hazırda vəziyyətin nəzarətdə saxlanıldığı və yaxın günlərdə sərnişin daşımalarında yaranan sıxlığın azaldılması üçün tədbirlərin həyata keçiriləcəyi bildirilir.