ABŞ Federal Təhqiqat Bürosu (FTB) Binance kriptovalyuta birjasından 6 milyard dollardan çox vəsaitin oğurlanmasını Şimali Koreya ilə əlaqələndirib.
FTB-nin məlumatına görə, 2026-cı il oktyabrın 29-da və ya həmin tarixə yaxın günlərdə həyata keçirildiyi ehtimal olunan kiberhücumun arxasında Şimali Koreya ilə əlaqəli “TraderTraitor” haker qrupu dayana bilər.
ABŞ qurumu kibercinayətdə Şimali Koreyanı məsuliyyətli hesab etsə də, açıqlamasında bu qənaəti əsaslandıran sübutları təqdim etməyib.
İstintaqın versiyasına əsasən, hakerlər oğurladıqları kriptovalyutaları Ethereum (ETH) aktivlərinə çevirməyə başlayıblar.
FTB hesab edir ki, həmin vəsaitlər sonradan mərkəzləşdirilməmiş maliyyə (DeFi) xidmətləri və kriptovalyutaların ani mübadiləsini həyata keçirən platformalar vasitəsilə başqa aktivlərə çevrilə bilər.
Qurumun ehtimalına görə, bu əməliyyatlar oğurlanmış pulların izini itirmək və onların mənşəyini gizlətmək məqsədi daşıyan çoxmərhələli çirkli pulların yuyulması sxeminin tərkib hissəsi ola bilər.
Mümkün qanunsuz əməliyyatların qarşısını almaq məqsədilə FTB şübhəli kriptovalyuta ünvanlarının siyahısını dərc edib. Amerika qurumu həmin ünvanlardan oğurlanmış aktivlərin digər kriptovalyutalara çevrilməsi üçün istifadə oluna biləcəyini bildirir.

