Dünyanın aparıcı kriptovalyuta birjalarından biri olan Binance haker hücumu nəticəsində oğurlanan vəsaitlə bağlı itkilərin 90 faizini kompensasiya edib.
Şirkətin məlumatına görə, Bitcoin (BTC), Ethereum (ETH), Solana (SOL) və XRP daxil olmaqla, bir sıra kriptovalyutalar üzrə aktivlər tam həcmdə təmin edilib.
“Hazırda itkilərin kompensasiya səviyyəsi 90 faizə çatıb. BTC, ETH, USDT, BNB, SOL, USDC, XRP, USD1, RLUSD və ZEC aktivləri isə 100 faiz həcmində təmin olunub”, – deyə birjanın açıqlamasında bildirilib.
Binance qeyd edib ki, hər bir kriptovalyuta üzrə kompensasiya səviyyəsi 100 faizə çatana qədər çatışmayan tokenlərin alınması davam etdiriləcək.
Bunun üçün şirkət həm birja bazarından, həm də birjadankənar (OTC) əməliyyatlardan istifadə edəcək.
Birja həmçinin oğurluq nəticəsində yaranan maliyyə itkilərini öz üzərinə götürdüyünü bəyan edib.

