Bir ailənin eyni anda iki üzvünün işsiz qalması cəmiyyətdə ciddi sosial narahatlıq doğurub. Məsələ “DOST İş Mərkəzi” MMC vasitəsilə ictimai işlərə cəlb olunmuş və bu işdən başqa gəlir mənbəyi olmayan ana və övladın taleyi ilə bağlıdır.
Denmedia.az-a müraciət edən Siyəzən rayon sakini olan vətəndaşın sözlərinə görə, özü və anası – Məmmədova İzzət Seydağa qızı 2025-ci ilin noyabr ayında heç bir əsaslı səbəb göstərilmədən işdən çıxarılıb. İşdən azad olunma səbəbi kimi onlara “DOST İş Mərkəzi” MMC-nin fəaliyyətinin dayandırıldığı bildirilib. Lakin bu açıqlamanın reallığı əks etdirmədiyi iddia olunur.
Belə ki, hazırda həmin rayonda bu qurum üzrə digər vətəndaşların iş fəaliyyəti davam edir, bəzi işçilərlə isə yeni iş ili üçün müqavilələr yenilənib. Bu faktlar göstərir ki, qurum bağlanmayıb. Nəticədə isə eyni ailədən iki nəfərin eyni vaxtda işdən çıxarılması əsassız və qərəzli qərar kimi qiymətləndirilir.
Vətəndaş bildirir ki, bir günün içində ailə tamamilə gəlirsiz qalıb:
“Ailə dolandırıram, borclarım var. Nə edəcəyimi, hara müraciət edəcəyimi bilmirəm. İşsizlik müavinəti üçün müraciət etsəm də, ‘sənə müavinət düşmür’ deyilir. Nə kompensasiya verildi, nə də alternativ iş təklif olundu. Evə çörək gətirən yoxdur”.
Məsələ təkcə bir şəxsin deyil, bütöv bir ailənin sosial təhlükəsizliyi ilə bağlıdır. Ekspertlərin fikrincə, eyni ailədən iki nəfərin, digər işçilər saxlanıldığı halda “ixtisar” və ya “fəaliyyətin dayandırılması” bəhanəsi ilə işdən çıxarılması sosial ədalət və dövlətin məşğulluq siyasətinin prinsipləri ilə ziddiyyət təşkil edir.
Vətəndaş aidiyyəti qurumlara müraciət edərək işə bərpa olunmalarına və ya uyğun işlə təmin edilmələrinə köməklik göstərilməsini xahiş edir. Ailə ümid edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələni nəzarətə götürəcək və bu sosial SOS vəziyyətinə biganə qalmayacaq.
Qeyd edək ki, bir ailənin eyni anda iki üzvünün işsiz qalması təkcə fərdi problem deyil, sosial məsuliyyət və şəffaflıq baxımından ciddi araşdırma tələb edən məsələdir. Media olaraq mövzunu diqqətdə saxlayacağıq.
Nizami Rəsulov
Denmedia.az

