İsrail hərbçiləri hesab edir ki, İrana endirilən zərbələr nəticəsində, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəisi Məhəmməd Pakpurun öldürüldüyü güman edilir.
Bu barədə The Times of Israel nəşri adı açıqlanmayan israilli rəsmilərə istinadən məlumat yayıb.
Pakpur 2025-ci ilin iyununda baş verən müharibənin əvvəlində sələfi Hüseyn Səlaminin öldürülməsindən sonra SEPAH-a rəhbərlik etməyə başlamışdı.
Nəşrin məlumatına görə, hücumlar nəticəsində İranın müdafiə naziri və kəşfiyyat rəhbərinin də öldürülmüş ola biləcəyi ehtimal edilir.
Bundan əvvəl The Times of Israel yazmışdı ki, şənbə günü səhər saatlarında həyata keçirilən zərbələrin əsas hədəfləri sırasında İranın ali dini lideri Əli Xamenei, prezident Məsud Pezeşkian, eləcə də digər yüksək vəzifəli dövlət və hərbi rəsmilər olub.
Mənbənin sözlərinə görə, hücumlar “rejimin və hərbi komandanlığın digər yüksək səviyyəli nümayəndələrinə” də yönəlib.
Nəşr qeyd edir ki, zərbələrin nəticələri hazırda qeyri-müəyyən olaraq qalır.

