BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Yaxın Şərqdəki hərbi münaqişə nəzarətdən çıxıb və təhlükəli həddə çatıb. Bu barədə Reuters məlumat yayıb.
Onun sözlərinə görə, müharibə artıq genişlənmə riski yaradır, mülki itkilərin artmasına və qlobal iqtisadi böhran təhlükəsinə səbəb olur.
“Bu münaqişə liderlərin belə təsəvvür etmədiyi həddi keçib. Bu, artıq həddən çoxdur. Eskalasiya yox, diplomatiya vaxtıdır.”
Quterreş əsas tərəflərə ayrıca mesajlar göndərib. O, ABŞ və İsraili dərhal hərbi əməliyyatları dayandırmağa, İranı isə münaqişəyə daxil olmayan qonşu ölkələrə hücumları dayandırmağa çağırıb. Eyni zamanda, Livan ərazisində döyüşlərin dayandırılmasını tələb edib.
“İndi eskalasiya pilləkəni ilə yox, diplomatiya pilləkəni ilə yuxarı qalxmağın vaxtıdır.”
Baş katib xüsusilə vurğulayıb ki, Hörmüz boğazının bağlanması neft, qaz və gübrə tədarüklərini dayandıraraq qlobal təsərrüfat mövsümünə ciddi zərbə vurur.
Onun sözlərinə görə, müharibənin ən ağır nəticələri ən kasıb və həssas əhali qrupları üzərində hiss olunur.

