ABŞ Prezidenti Donald Tramp federal qurumlara UFO-larla bağlı araşdırmalarda iştirak etmiş keçmiş dövlət qulluqçularını və podratçıları məxfilik müqavilələri üzrə öhdəliklərdən azad etməyi tapşırıb.
Bu barədə Fox News telekanalı məlumat yayıb.
Söhbət həmin şəxslərin daha əvvəl imzaladıqları məlumatların açıqlanmaması haqqında müqavilələrin — NDA-ların qüvvədən salınmasından gedir.
Belə sənədlər adətən məxfi məlumatlara çıxış əldə edən əməkdaşlar tərəfindən imzalanır və onların dövlət qulluğundan ayrılmasından sonra da qüvvədə qalır. Lakin qərarın nə vaxt icra ediləcəyi barədə məlumat verilməyib.
Daha əvvəl amerikalı ufoloq və yazıçı Kevin Rendl yadplanetlilərin Yer kürəsinə səfərlərinə dair sübutların Pentaqonun açıqlanmayan arxivlərində saxlanıla biləcəyini iddia edib.
Onun sözlərinə görə, belə materiallar mövcuddur, lakin ABŞ administrasiyasının onları ictimaiyyətə açıqlamağa hazır olub-olmadığı məlum deyil.

