ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ administrasiyası yaxın vaxtlarda naməlum uçan obyektlər (NLO) ilə bağlı geniş məlumat bazasını açıqlamağı planlaşdırır.
Onun sözlərinə görə, hökumət mövcud məlumatların mümkün qədər çox hissəsini ictimaiyyətə təqdim edəcək.
“Düşünürəm ki, yaxın gələcəkdə bacardığımız qədər məlumatı açıqlayacağıq”, — deyə Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Tramp əlavə edib ki, yayımlanacaq məlumatların bir hissəsi ictimaiyyət üçün olduqca maraqlı olacaq.
“Bizdə olanların çoxunu açıqlayacağıq. Hesab edirəm ki, bunun bir hissəsi insanlar üçün çox maraqlı olacaq”, — deyə o qeyd edib.
ABŞ lideri vurğulayıb ki, bu mövzunu daha əvvəl naməlum obyektləri müşahidə etmiş hərbi pilotlarla da müzakirə edib. Onların sözlərinə görə, gördükləri hadisələr “inanılması çətin olan şeylər” olub.
“Belə şeylər gördüklərini deyirdilər ki, buna inanmaq çətindir. Siz bunları oxuyacaqsınız”, — deyə Tramp əlavə edib.

