Todd Blanş ABŞ-nin baş prokuroru kimi and içib.
Ağ Evin mətbuat katibi Karolayn Livittin verdiyi məlumata görə, Blanşın namizədliyi bəzi respublikaçı senatorların etirazına baxmayaraq, Senatda minimal səs çoxluğu ilə təsdiqlənib.
Blanş 2026-cı ilin aprelindən quruma müvəqqəti rəhbərlik edirdi. ABŞ Prezidenti Donald Tramp iyunda onun bu vəzifəyə daimi əsaslarla təyin olunmasına qərar verib.
Lakin Senatın Hüquq Komitəsində bir neçə respublikaçı senator Blanşdan əvvəlki prezident Co Bayden dövründə hakimiyyətin ehtimal olunan qanunsuz hərəkətlərindən zərər çəkənlər üçün təxminən 1,8 milyard dollarlıq kompensasiya fondunun yaradılmayacağına dair yazılı təminat tələb edib. Senatorlar belə bir fondun yaradılmasını vəsaitlərin təyinatından kənar istifadəsi kimi qiymətləndiriblər.
Blanş ötən həftə tələb olunan yazılı təminatı təqdim edib və bununla da onun namizədliyinin təsdiqlənməsi qarşısındakı son maneələr aradan qalxıb.

