ABŞ Prezidenti Donald Tramp İranla gələcək danışıqlarda Tehranın fəaliyyəti nəticəsində öldüyünü və ya ağır yaralandığını düşündüyü şəxslərə görə kompensasiya tələb edəcəyini bildirib.
Tramp Truth Social hesabında yazıb ki, bu məsələni gələcək danışıqların gündəliyinə daxil etməyi amerikalı nümayəndələrə tapşırıb.
ABŞ prezidenti İranın aylarla davam edən Amerika zərbələrinə görə kompensasiya tələbləri ilə tanış olduğunu, lakin bu mövzunun indiyədək iki ölkə arasında danışıqlarda müzakirə edilmədiyini qeyd edib.
Tramp bildirib ki, bundan sonra İranın müxtəlif münaqişələrdə və yol kənarına yerləşdirilən partlayıcılarla bağlı hücumlarda məsuliyyət daşıdığını hesab etdiyi hallara görə də təzminat tələb edəcək.
O, həmçinin 2000-ci ildə USS Cole esminesinə hücumda ölən 17 ABŞ hərbçisinin ailələrinə görə də kompensasiya tələb etmək niyyətində olduğunu deyib. Bununla belə, ABŞ istintaqı həmin hücumun məsuliyyətini İrana deyil, “Əl-Qaidə” terror təşkilatına aid etmişdi.
Tramp İranda etiraz aksiyaları zamanı həyatını itirən şəxslərin ailələrinin də kompensasiya almalı olduğunu bildirib.

