ABŞ prezidenti Donald Trampın iştirak etdiyi qəbulda atəş açan Koul Tomas Allen ömürlük azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər. Bu barədə mətbuat konfransında ölkənin ədliyyə naziri vəzifəsini icra edən Todd Blanş bildirib.
Onun sözlərinə görə, Allenə qarşı üç federal ittiham irəli sürülüb, o cümlədən dövlət başçısına sui-qəsd cəhdi.
“Birinci ittiham ABŞ prezidentinə qarşı qəsd cəhdidir. Bu cinayətə görə ömürlük həbsə qədər cəza nəzərdə tutulur”, — deyə Todd Blanş bildirib.
O qeyd edib ki, Allen tədbirin keçirildiyi Washington Hilton otelində 24–26 aprel tarixləri üçün əvvəlcədən otaq bron edib. Bu fakt onun niyyətlərinin ciddi və planlaşdırılmış olduğunu göstərir.
Baş prokuror əlavə edib ki, hüquq-mühafizə orqanları sui-qəsdin qarşısını uğurla alıb. Allenə həmçinin ağır cinayət törətmək məqsədilə silah və sursatın daşınması, eləcə də zorakı cinayət zamanı odlu silahdan istifadə maddələri üzrə ittihamlar irəli sürülüb.
Məhkəmə onu həbsdə saxlayıb, ilk məhkəmə iclası isə 30 aprel tarixinə təyin olunub.

