ABŞ Prezidenti Donald Trampın oğulları və ticarət naziri Hovard Lutnikin qohumları Qazaxıstanda volfram hasilatı üzrə sazişin benefisiarları olacaqlar. Bu barədə The New York Times (NYT) qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, layihə üçün 1,6 milyard dollaradək federal maliyyələşdirmə təsdiqlənib.
Məlumata əsasən, Donald Tramp Jr. və Erik Tramp investisiya şirkəti vasitəsilə layihədə 20 faizlik pay əldə ediblər. Eyni zamanda, ABŞ-ın ticarət naziri Hovard Lutnikin qohumları layihənin investorlarından biri üçün 210 milyon dollar cəlb ediblər.
Qazaxıstan tərəfi ilə tərəfdaşlıq 2025-ci ilin noyabrında keçirilən C5+1 sammitindən altı gün əvvəl rəsmiləşdirilib.
Donald Tramp Jr.-ın nümayəndəsi bildirib ki, o, yalnız passiv investor kimi çıxış edir və şirkətlərin əməliyyat fəaliyyətində iştirak etmir.
Saziş Qazaxıstanda iki volfram trioksid yatağının — Şimali Katpar və Yuxarı Kayraktı yataqlarının işlənməsini nəzərdə tutur. Ümumi ehtiyatların həcmi 1,4 milyon ton qiymətləndirilir, illik hasilatın isə təxminən 12 min ton səviyyəsində planlaşdırıldığı bildirilir.
Bundan əlavə, ABŞ Ədliyyə Nazirliyi 19 mayda Tramp və onun ailə üzvlərinin vergi iddialarından azad edilməsini nəzərdə tutan saziş imzalayıb. Bu qərar Trampın ABŞ Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı 10 milyard dollarlıq iddiasının dayandırılması ilə bağlı qəbul edilib. Sənədi baş prokuror vəzifəsini icra edən Todd Blanş imzalayıb.

