ABŞ Prezidenti Donald Tramp məxfi məlumatları sızdıran şəxslərin sərt şəkildə cəzalandırılmasının tərəfdarı olduğunu bildirib.
Tramp bu barədə Arizona ştatında keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı danışıb.
“Belələrini həbs etmək və ya güllələmək lazımdır. Onlar ömürlərinin sonunadək həbsdə qalmalıdırlar”, – deyə ABŞ lideri bildirib.
Tramp buna misal olaraq ABŞ-nin İrana qarşı hərbi əməliyyatları zamanı məxfi məlumatların sızdırılmasını göstərib.
Onun sözlərinə görə, Vaşinqton İranın nüvə obyektlərinə zərbələr endirmək məqsədilə bölgəyə B-2 bombardmançı təyyarələri göndərməyi planlaşdırsa da, əməliyyatın vaxtı barədə məlumatlar əvvəlcədən mediaya sızdırılıb.
Tramp iddia edib ki, məlumat sızması nəticəsində İran tərəfi ABŞ bombardmançılarının gəlişinə hazır olub.
ABŞ Prezidenti bununla əlaqədar ilkin əməliyyatın təxirə salındığını, iki gün sonra isə hücumun həyata keçirildiyini bildirib.
Tramp məxfi hərbi məlumatları yayan şəxslərin ölkənin təhlükəsizliyini riskə atdığını vurğulayaraq onların ciddi şəkildə cəzalandırılmasını tələb edib.

