ABŞ Prezidenti Donald Tramp İranla bağlı məxfi məlumatların sızdırılmasında günahkar olan şəxslərin tapılacağını bildirib. O, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib və həmin şəxslərin “ağır bədəl ödəyəcəklərini” deyib.
“Çox maraqlıdır. Mütləq oxuyun! Məlumat sızdırmağa davam edin, ey murdar köpəklər! Sizi tapanda ağır bədəl ödəyəcəksiniz”, – Tramp yazıb.
Tramp “Truth Social”da “The Washington Post” qəzetinin “İranla bağlı sızdırılmış məlumatlar Tramp haqqında nə deyir?” başlıqlı materialına keçid paylaşıb.
Məqalədə iddia olunur ki, İrana qarşı hərbi əməliyyat başlamazdan əvvəl Trampa mümkün hücumun nəticələri barədə, o cümlədən həmin dövrdə Milli Kəşfiyyatın direktoru olan Tulsi Qabbard tərəfindən xəbərdarlıqlar edilib.
Qabbard Trampa xəbərdarlıq edib ki, hücum baş verəcəyi təqdirdə Tehran Hörmüz boğazını bağlaya bilər və bu, qlobal enerji bazarında qeyri-sabitliyə səbəb ola bilər. Oxşar narahatlıqları yüksək vəzifəli hərbçilər də ifadə ediblər.
Vitse-prezident Cey Di Vens isə daha ehtiyatlı yanaşmanın və danışıqların tərəfdarı olub. Onun qiymətləndirməsinə görə, danışıqlar müharibədən daha az xərc tələb edə bilərdi.

