ABŞ Məxfi Xidməti İranın dövlət televiziyasında Prezident Donald Trampın kiçik oğlu Barron Trampın həyatına təhdid kimi qiymətləndirilən videonun yayımlanmasından xəbərdar olduğunu və məsələni araşdırdığını açıqlayıb.
Məxfi Xidmətin sözçüsü Nate Herring CNN-ə bildirib ki, qurum qoruduğu şəxslərə qarşı təhdid kimi qəbul edilə biləcək bütün halları araşdırır. O, əməliyyat təhlükəsizliyi səbəbindən konkret kəşfiyyat və mühafizə tədbirlərinin detallarını açıqlamadı.
İran dövlət televiziyasında yayımlanan təxminən üç dəqiqəlik videoda 20 yaşlı Barron Tramp ayrıca hədəf kimi göstərilib. Kadrlarda onun universiteti, mühafizə avtomobilləri və Məxfi Xidmət əməkdaşlarının yerləşməsi ilə bağlı olduğu iddia edilən məlumatlar təqdim olunub və gəncin hərəkətlərinin “tam izlənildiyi” irəli sürülüb.
Videoda, həmçinin Barron Trampa qarşı 10 milyon dollarlıq mükafatın olduğu iddia edilib. Bu məlumat müstəqil şəkildə təsdiqlənməyib.
CNN qeyd edir ki, İran mediasında bundan əvvəl Donald Tramp və birinci xanım Melaniya Trampa qarşı da təhdid xarakterli materiallar yayımlansa da, Barron Trampın ayrıca hədəf göstərilməsi ilk belə hal kimi görünür.
Barron Tramp Donald və Melaniya Trampın yeganə ortaq oğludur. O, hazırda 20 yaşındadır.

