11 il ayaq basdıqları, elmin sirrlərinə yiyələndikləri, doğmalaşdıqları məktəbdən, müəllimlərindən və sinif yoldaşlarından ayrılan məzunlar bu gün həm sevincli, həm də kədərli görünürdülər.
Den.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıt şəhər 23 saylı tam orta məktəbin məzunları da 11 il oxuduqları məktəb və onlara bilik və vərdişləri öyrədən müəllimləri ilə vidalaşırdılar.
Bu münasibətlə təşkil olunan tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Elm və Təhsil nazirliyinin aparat rəhbərinin müavini Fərzalı Qədirov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev, bir vaxtlar adıçəkilən məktəbin məzunu olan, lakin Azərbaycanın suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin ailə üzvləri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
"Son zəng" tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca çıxış edən 23 saylı tam orta məktəbin direktoru Reyhan Yunisova tədbir iştirakçılarını salamlayıb, məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib.
Daha sonra çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva məktəbi uğurla başa vuran məzunları təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Bu tədris ilində həyata keçirilən uğurlu layihələrdən və təhsil islahatlarından danışan İlhamə Abdullayeva görülən işlərin əsas məqsədinin hər bir Azərbaycan gənci üçün təhsilin əlçatan olmasını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov məktəb həyatını başa vurub məzun adı alan onbirinciləri təbrik edib, onlara müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.
Elm və Təhsil nazirliyinin aparat rəhbərinin müavini Fərzalı Qədirov çıxış edərək, Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərini xatırladıb. Həmin parlaq gələcəyin məhz gənclərin əlində olduğunu və onların bunu layiqincə dəyərləndirmələrinin vacibliyini qeyd edib.
Tədbirdə digər çıxış edənlər də məzunlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlardan sonra dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və diplomlarla təltif olunublar.
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Sonda məktəblilər "Son zəng"i çalaraq təhsil illərini yekunlaşdırıblar.
Müşviq Tofiqoğlu
Den.az