Ulu Öndər, müasir Azərbaycanın qurucusu Heydər Əliyev "Təhsil millətin gələcəyidir" ifadəsini əbəs yerə işlətməyib. Aydındır ki, bir millətin formalaşmasında, onun elmi biliklərə yiyələnməsində, savadlanmasında və maariflənməsində təhsil əvəzsiz rol oynayır. Bu şərəfli və olduqca məsuliyyətli iş isə müəllimlərin, pedaqoqların üzərinə düşür. Ona görə də, təhsilverənlərin savadlı olması vacib şərtdir. Çünki təcrübəli və savadlı pedaqoqun gələcək nəsillərin formalaşmasında mühüm rol oynadığı heç kimə sirr deyil. Bu səbəbdən də, Azərbaycanda müəllimlərin sertifikasiya imtahanları keçirilir, təhsilverənlərin özlərinin də bilik səviyyəsinin yoxlanılması vacib amilə çevrilir.
Bu dəfə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı keçirilib. İmtahana Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin pedaqoji heyəti ilə yanaşı, Şərqi Zəngəzur və Qubadlı məktəblərinin müəllimləri də qatılıb.
Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin binasında keçirilən imtahan prosesi tam şəffaf şəkildə və elektron qaydada təşkil olunub. Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva imtahanın keçirildiyi məktəbə gələrək proseslə tanış olub və müəllimlərə uğurlar arzulayıb.
Qeyd edək ki, imtahanda 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. İmtahan prosesi 120 dəqiqə çəkir.Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan olunur.
Onuda qeyd edək ki, imtahanda 2 nəfər maksimum 60 balı toplayıb. Beləliklə, ölkə üzrə ilk 60 bal Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə qeydə alınıb. Onlar Sumqayıt şəhər Təfəkkür liseyinin müəllimi Leyla Babayeva və Masazır 1 nömrəli tam orta məktəbin müəllimi Canalıyev Səyyaddır.
Məlumat üçün bildirək ki, imtahanda ümumilikdə 800-ə yaxın müəllim iştirak edib.
Nizami Rəsulov
Den.az