ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana “simvolik” şəkildə uran zənginləşdirilməsinə icazə verən təklifi nəzərdən keçirməyə hazırdır. Eyni zamanda, ölkənin ali rəhbəri Əli Xameneinin aradan götürülməsi variantı da müzakirə olunur.
Bu barədə Axios portalı yüksək vəzifəli amerikalı məmura istinadən məlumat yayıb.
Portalın məlumatına görə, birinci ssenari reallaşarsa, İranın nüvə potensialının məhdudlaşdırılması və mümkün müharibənin qarşısının alınması istiqamətində razılaşma əldə etmək mümkün ola bilər.
ABŞ rəsmiləri bildiriblər ki, qarşıdakı nüvə təklifi üçün tələblər son dərəcə yüksəkdir. Plan həm Ağ Ev administrasiyası daxilində, həm də regionda olan skeptik dairələri inandırmalıdır.
“Prezident Tramp məzmunlu və ölkə daxilində siyasi baxımdan irəli sürə biləcəyi bir razılaşmanı qəbul etməyə hazır olacaq. Əgər iranlılar hücumun qarşısını almaq istəyirlərsə, bizə rədd edə bilməyəcəyimiz bir təklif təqdim etməlidirlər”, – deyə yüksək vəzifəli amerikalı məmur Axios-a bildirib.
ABŞ liderinin müşaviri isə qeyd edib ki, Pentaqon Trampa müxtəlif alternativ planlar təqdim edib.
“Onların hər vəziyyət üçün planı var. Ssenarilərdən birinə görə, ayətullah, onun oğlu və mollalar aradan götürülə bilər”, – deyə müşavir bildirib. Bu sözlərlə o, ali rəhbər Əli Xamenei və mümkün varis sayılan oğlu Müctəba Xameneini nəzərdə tutub.
“Prezidentin hansı planı seçəcəyini heç kim bilmir. Düşünürəm ki, bunu o özü də bilmir”, – deyə mənbə əlavə edib.

