ABŞ prezidenti Donald Trampın administrasiyası Tehranın İranın nüvə proqramı üzrə danışıqların Türkiyədən köçürülməsi ilə bağlı müraciətini qəbul edib. Gözlənilir ki, danışıqlar cümə günü Omanda keçiriləcək. Bu barədə Axios portalının jurnalisti Barak Ravid ərəb mənbəyə istinadən məlumat verib.
Daha əvvəl Axios yazmışdı ki, İran ABŞ-la cümə günü keçirilməsi planlaşdırılan danışıqların məkanının və formatının dəyişdirilməsini tələb edib və onların Omana köçürülməsini istəyib.
“Tramp administrasiyası İranın danışıqları Türkiyədən köçürmək xahişi ilə razılaşıb… ABŞ və İran arasında danışıqların cümə günü Omanda keçirilməsi gözlənilir,” — deyə Ravid X sosial şəbəkəsində yazıb.
Portalın mənbəsinin sözlərinə görə, Omandakı görüşə regionun ərəb və müsəlman ölkələrinin nümayəndələrinin qatılıb-qatılmayacağı ilə bağlı danışıqlar davam edir.
Bundan əvvəl Axios məlumat vermişdi ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff cümə günü İranın xarici işlər naziri Abbas Araqçi ilə İstanbulda görüşərək, iki ölkə arasında gərginliyin davam etdiyi şəraitdə İranın nüvə proqramını müzakirə edəcək.
Çərşənbə axşamı isə Ynet Uitkoffun İsrailə gəldiyini və baş nazir Benyamin Netanyahu ilə danışıqlar aparacağını xəbər verib.

